Qaralama
Yox, bu mənim qaralamam deyil, "Qaralama" adlı bloq haqqındadır. Alternativ düşüncə, kreativ insanlar şüarı daşıyan bu bloq elmi qaralamalara həsr olunub.
Maraqlı müzakirələr, yazılar, tərcümələr var. Fikrin, ideyanın özü artıq insanda maraq oyadır. Baxmağa dəyər, oxumağa dəyər. Yazmaq isə ən gərəklisidir, çünki qaralamadan ancaq müzakirə zamanı baş çıxarmaq olar.
Yeni bloq
"Səs salma, ..."
Mirzə Ələkbər Sabir
Bəzən bloqdakı yazılarımı oxuyan yoldaşlar irad tuturlar ki, elmi yazılara az yer ayırıram və daha çox lazımsız boş-boş şeylər yazıram.
Fizikada "səs"in müəyyən "tərif"i var. Səs boşluqda yayıla bilmir. Yayılması üçün, mütləq, mühitin olması lazımdır. Elmi yazılar da "səs" kimidir, təəssüf bizdə mühit yoxdur.
Oxuculardan qarşılıqlı təsir almadıqda, müzakirə olmadıqda, məhz elmi yazılar boş-boş yazılara çevrilir.
Bir neçə dəfə cəhd etdim. "Elmi bloq"a insanları cəlb etməyə çalışdım, çoxuna "yazar" statusu verdik, dedik ki, öz bloqunuzda yazdığınız elmi yazıları, elmi-kütləvi yazıları "elmi bloq"a da "kopyala"yın, bağlantı verin. Qoşulan da oldu, imtina edən də... Amma səs olmadı... Olan səs isə mühitsiz qaldı.
"Elmi Azərbaycan" bloqunu yaratdıq, dedik, aylıq "onlayn" dərgimiz olsun, yenə səs olmadı ki, olmadı.
Sonuncu dəfə mənə irad tutulanda, azeriblog"da elmi yazılar yazma imkanı məhdud olduğundan, wordpress'də "Dördölçülü çayxana"nı açmağı qərar verdim. Hələ ki, yenidir, səsdən danışmaq tezdir...
Non/fiction 10
Keçən həftə, axır ki, uzun zaman - fasiləsiz davam edən dərsdən, işdən və ümumiyyətlə hər şeydən ayrılıb Moskvada keçirilən Non Fiction 10 kitab yarmarkasına baş çəkdim.
Çox maraqlı keçdi. Parfyonovun "Namedni"sinin təqdimatına və "Fizikadan təcrübələr"ə yetişə bilməsəm də, Yanuş Vişnevskini canlı olaraq gördüm və bir balaca dinlədim (onu yazıçı saymasam belə!), bir-iki fin şeirini dinlədim, çox gülməli idi ( videoya çəkmişəm, yaxın zamanlarda yerləşdirəcəyəm). Yeri gəlmişkən, fin ədəbiyyatından maraqlı fakt: Kari Xotakaynen"nin "Okopnaya küçəsi" əsəri 5 millionluq Finlandiyada 250 min tirajla çıxıb (və satılıb)!!!
Ən əsası doyunca kitablara baxdım: amma cəmi bir kitab və bir dərgi aldım. Litva, Estoniya və Latviya stendinin qarşısındakı kitablar "havayı" olduğu üçün 5-6 kitab götürdüm, bu ölkələrin ədəbiyyatından heç nə bilmirdim, yaxın bir ayda özümü onlara həsr edəcəm.
Maraqlı və sevindirici an, elə ilk yaxınlaşdığımız piştaxtada (ümid edirəm bizdə belə adlanır) Qurban Səidin "Əli və Nino"sunu gördüm. Bizim stendimiz orada yox idi. "Non fiction 10 - İntellektual kitab yarmarkası və biz" - məncə şox qəribə səslənir. "Tak Şto" bizim nəşriyyatlar, müvafiq orqanlar, təşkilatlar qeyri-iştirakları ilə təəccübləndirmədilər.

