Son zamanlar ciddi ədəbiyyat oxumaqdan yorulub bir başqa kitablara müraciət etməyi qərar verdim. Dünən Boris Vasilyevin "Sübhlər burada sakitdir" povestini oxudum və kitab xoşuma gəldi, filmi qədər maraqlı idi. Maraqlıdır ki, hər növbəti zenitçi qızın ölümündən sonra ayağa qalxıb "biri də öldü" deyib, özümə çay hazırlayıb (və sonra həmin çayı içib) yenidən davam edirdim oxumağa. Lap Çingiz Aytmatovun "Dənizkənarıyla qaçan Alabaş" əsərini oxumağım yadıma düşdü, qayıqdakı oğlanın susuzluğu mənə necə təsir edirdisə, hər 10 dəqiqədən bir qalxıb su içirdim.
Bugün isə Robert Xaynlaynın "Elsewhen" (rus dilində "Иноздесь", zalımı dilimizə heç tərcümə də edə bilmirəm) əsərini oxudum. Xaynlaynla ilk tanışlığım çox uğursuz oldu. Əsər çox zəif idi, sonluqda yazıçı əməlli-başlı sayıqlayıb. Özümlə başqa kitab götürmədiyimdən, metroda "dişimi sıxıb" birtəhər kitabın "cınağını yerə vurdum".
Yüngül ədəbiyyata hələlik bir "quş", sabahdan Andrey Bitovun povestlərini oxumağa başlayacam.



