Reklam verin!

Hər şey nisbidir!!!

Yazar: gahramanov @ Mart 13, 2008 18:40

Çox təəssüf ki, Eynşteyn nəzəriyyəsinin adı bir sıra sadə izahlara və anlatmalara səbəb olur. “Hər şey nisbidir” ifadəsini hərfi mənada qəbul etmək özü özlüyündə çox yanlış addımdır. Fizikadakı nisbilik anlayışı heç də fərdi fikirlərin tam sərbəstliyi demək deyil. Əgər hər şey nisbi olsaydı, onda alimlər heç zaman bir-biri ilə ortaq məxrəcə gələ bilməz, ixtisaslarını deputata dəyişməkdən başqa yolları qalmazdı. 

Əsl mahiyyət isə tamam başqadır . Fiziklər Qaliley və Nyutonun dövründən bəri əmindirlər ki, bütün mexaniki hadisələr inersial adalanan sistemlərdə eyni cür baş verir. Bunu anlamaq çox asandır. Siz bulvarda da, müəyyən sabit sürətlə üzən gəmidə də asanlıqla, məsələn, billiard oynaya bilər və bunlar arasında heç bir dəyişiklik hiss etməzsiniz.



Bəs, bir sistemdən başqa sistemə necə keçmək olar? Deyəcəksiniz ki, çox asan. Əgər bulvarda billiard oynayırdımsa, dənizdə gedən gəmiyə atlanıb, orada billiard oynamağa davam edəcəm. Fiziklər də təxminən belə edirlər. Onlar bunu fəza koordinatlarının çevrilməsi adlandırırlar. Dediyim kimi, bu çevrilmələr zamanı mexanika qanunları öz formasını dəyişməyəcək, məsələn, məktəb vaxtından yaxşı tanıdığınız F=ma düsturu gəmidə də olduğu kimi qalacaq. Amma gəl ki, elektromaqnit hadisələrini təsvir edən Maksvell qanunları ilə belə fənd keçmir. Fəza koordinatlarının çevrilməsi Maksvell düsturlarını dəyişir və onlarda yeni hədd əmələ gətirir ki, o, heç bir fiziki məna kəsb etmir. 

Bu çətinlikləri dəf etmək üçün daha mürəkkəb çevrilmələr etməyə ehtiyac yarandı. Diqqət edin, siz bulvardan gəmiyə keçərkən sizin saatınız necə varsa, elə də işləməyə davam etdi: nə geri qaldı, nə qabağa qaçdı. Hətta gəmidən bulvardakı saat qülləsinə baxıb, öz saatınızın düzgün işlədiyini də görə bilərsiniz. Lorens vaxtı ilə çox paradoksal bir fikir irəli sürdü: “Bir sistemdən digərinə keçərkən yalnız fəza koordinatlarını deyil, elə zamanın özünü də çevrilməyə məruz etmək lazımdır”. Bu halda, siz hərəkət edən gəmidən bulvardakı saata baxıb, öz saatınızla müqayisə etdikdə aşkar edəcəksiniz ki, bulvarda zaman daha yavaş gedir (düzdür bunun üçün sizin olduğunuz gəmi işıq sürətinə yaxın sürətlə hərəkət etməlidir, buna isə hal-hazırda heç bir texnikanın gücü çatmaz). Nə qədər qəribə də olsa, təcrübələr dünyanın məhz belə qurulduğunu etiraf edir.

Sonralar bu yeni çevrilmələri, onun yaradıcısının şərəfinə “Lorens çevrilmələri” adlandırdılar. 

Eynşteynnin xüsusi nisbilik nəzəriyyəsi məhz bu çevrilmələrin və işıq sürətinin bütün sistemlərdə sabit olması faktının məntiqi nəticəsidir və o, heç də “hər şey nisbidir” prinsipindən əmələ gəlməyib. 

Sonda etiraf etməliyəm ki, bu nəzəriyyənin hər şeyi izah etməsini və bütün mövcud çətinlikləri aradan qaldırdığını düşünmək lazım deyil. O, əslində, bir qədər obrazlı desək, tapmacanı bir yerdən başqa yerə köçürdü.

Yazı BDU-nun fizika fakültəsinin tələbəsi Rafi Talıbovla birgə hazırlanmışdır.

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha