“Sən özün də hələ bilmirsən, bu nə əsərdir belə… Sujet yoxdur, üslub müəyyənləşməyib. Səndə yalnız baş qəhrəmanların adları var. Və bununla belə, bu yeni əsər səni bir insan kimi tamamən dəyişəcək”.
Haruki Murakami “Mənim sevimli Sputnik’im” (Sputnik-Peyk)
Əvvəla bloqumun potensial oxucularından başlayaq. Baxmayaraq ki, “sayğac”ın göstərişi 1000-ni keçib, necə deyərlər əyri oturaq, düz danışaq. Bilmirəm sayğacı həqiqətən Barmek buraya yerləşdirib, ya yox, amma sayğac əməlli-başlı “qatıqlayır”. Bu bloqa ümumən indiyə kimi təxminən 50-yə yaxın adam baxıb (bəlkə də az). Hit olsun 200-300, artığına inanmıram. Bloquma heç bir yerdə keçid yoxdur, yaxınlarda Cavidan adlı xanımın bloqunda keçid gördüm səhifəmə (təşəkkürlər ona və həqiqətən maraqlı gəlibsə, sevindiricidir), vəssəlam.
Ümumiyyətlə deyim ki, xüsusi oxunmaq üçün yazmıram. Sadəcə maraqlı hadisələr, fikirlər, görüşlər olur, istəyirəm bu haqda yazam. Əvvəl nəzərdə tutmuşdum elmi yazılara, xüsusilə fizika, riyaziyyatla bağlı məqalələrə üstünlük verməyi. Amma belə yazıların oxucularını görmürəm deyə, “Kvant mexanikası – birinci hissə” yazısı ilə kifayətlənməli oldum. Beləliklə də əksər yazıların mövzusu oldu ədəbiyyat, incəsənət, kino və bəzəndə “iyrənc mövzu” – siyasət.
Bununla belə... Yaxın aylarda yəqin ki, üstünlüyü verəcəm elmi-populyar yazılara. Bu arada “Sadə ədədlər” haqqında silsilə (yazıçılar bu sözü sevir) yazılar olacaq, hər ayın sonu çalışacam “ayın əsas elmi xəbərləri” icmalını yazım, həmçinin “Kvant sahə nəzəriyyəsi”nə aid yazılar yer ala bilər. Heç bilmirəm, bunun üçün yeni bloq açmağa ehtiyac varmı? Və ümumiyyətlə bu yazılara oxucu tapılacaqmı (yoxsa özüm deyib, özüm eşidəcəm)?
Ədəbiyyatla maraqlananlar üçün, yaxın iki ayı yəqin ki, yenə də rus ədəbiyyatına həsr edəcəm. Bir sıra yazıçılar haqqında yazılar ola bilər: Dina Rubina, Yevqeniy Qrişkoveç, Andrey Bitov, Lyudmila Uliçkaya, Saşa Sokolov, Lev Rubinşteyn, Vladimir Aleynikov, Viktoriya Tokareva, Eduard Limonov və s. Dünya ədəbiyyatından hələlik Kurt Vonnequt və Kobe Abeni oxumağı planlaşdırmışam. Bizim ədəbiyyatdan Yusif Vəzir Çəmənzəminlinin üç cildlik kitabını və Rusiyida yazıb-yaradan Eduard Bağırovu və Samit Ağayevi “cəngimdən keçirmək” istəyirəm. Həzm edəndən sonra hər biri haqqında bloqda yazacam.
Kino, musiqi və sərgilərə gəzintini qabaqcadan planlamaq çətindir, baxaq necə alınır.
Bu təzə ilin birinci rübü üçün təxmini, arzuolunan proqramı idi. Bütün oxuculara təşəkkür və dərin hörmətlə.