“İxtiyari böyük iş vaxt tələb edir, axı biz çox qeyri-mükəmməlik”.
Piter Akroyd “Doktor Di’nin evi”
Hal-hazırda Piter Akroydun “Milton Amerikada” kitabını oxuyuram. Əsər haqqında bir qədər sonra, əvvəl Mr. Akroyd haqqında bir-iki kəlmə deyim. Bu yazıçı ilə ilk tanışlığım keçən il elə bu vaxtlar “Dom kniqi” kitab mağazasında “Platon haqqında povest” kitabını almağımla başladı. Həmin əsər mənə çox təsir etmişdi, həm stilistik baxımdan, həm sujet, mövzu, hər şey gözlənilməz, əla düşünülmüş idi.
Akroyd bir sıra mükafatlara layiq görülsə də, ədəbiyyat dünyasında müəyyən yerə sahib olsa da, böyük kütlə arasında çox da populyar deyil. Yeri gəlmişkən, tənqidçilərin Orxan Pamukun “İstanbul”unu Piter Akroydun “London”u ilə müqayisəsi yazıçı üçün müəyyən dərəcədə uğurlu oldu, belə ki, kitab rəflərində bu iki yazıçının kitabları birgə yer almağa başladı və Akroyd “İnostrannaya literatura” nəşriyyatının kitabları üçün ayrılmış rəfdən göz önündə olan rəfə keçid aldı.
Piter Akroydun özünəməxsus üslubu var, onun əsərlərini oxuyub müəllifi müəyyən etmək çətin deyil (bunu böyük üstünlük saymayaq, belə yazıçılar çoxdur, pis üslubu ilə tanınanlar da az deyil). Dil baxımından kifayət qədər ağır yazır, düzdür, mən onun kitablarını rusca oxuyuram, amma düşünürəm ki, orijinalda da dil ağırlığı var. Bəzən nə yazdığını başa düşmək belə çətin olur, dialoq qarışır monoloqa, kimin danışdığı aydın olmur, amma bir neçə səhifə irəlilədikdən sonra hər şey oturur öz yerinə.
Keçək “Milton Amerikada” əsərinə. Kitabı hələ başa vurmamışam, ona görə yazdıqlarımı ilkin diaqnoz olaraq qəbul etmək lazımdır. Əsərdə 17-ci əsrdə yaşamış ingilis şairi, Oliver Kromvelin katibi Con Miltonun yazıçı tərəfindən uydurulmuş həyatından söhbət açılır. Kitabı “alternativ tarix” janrına aid etmək olar. Hələ ki, əsəri hədsiz maraqla oxuyuram. Bu əsərdə Akroyd özünü tamam başqa tərəfdən göstərib, göstərib ki, istədiyi vaxt axıcıl əsər yaza bilər və “Milton Amerikada” buna bariz nümunədir.